İsveçrənin Ştayn şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor təşkilatı İsveçrənin Ştayn şəhərində Azərbaycan mədəniyyət nümunələrinin təqdimatını keçirib. Təqdimat “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycanın əməkdar artisti, tanınmış xoreoqraf , İtaliya Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində yaradılmış və müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.
Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.