Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Rus Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilib. Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin binasında keçirilən tədbirdə müxtəlif mədəniyyət mərkəzlərinin rəhbərləri, Özbəkistanda yaşayan müxtəlif xalqların nümayəndələri, həmçinin soydaşlarımız iştirak ediblər.
Tədbirdə Müslüm Maqomayevin ümummilli lider Heydər Əliyevlə, o cümlədən digər tanınmış şəxsiyyətlərlə görüşlərini əks etdirən foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Qonaqlar həmçinin, “Dosuq” qəzetində məşhur müğənninin həyat və yaradıcılığıyla bağlı dərc edilmiş məqalə ilə tanış olublar.
Tədbiri açan Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov iştirakçıları salamlayaraq Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verib və qeyd edib ki, onun istedadı nəinki bütün dünyada tanınır, eyni zamanda bir çox xalqların mədəniyyətini birləşdirir və zənginləşdirir.
Daha sonra çıxış edən Rus Mədəniyyət Mərkəzinin sədri Aleksandr Aristov dünya şöhrətli müğənninin yaradıcılığından danışaraq bildirib ki, Müslüm Maqomayevin böyük istedadı onu özünə doğma hesab edən xalqları birləşdirir.
Xatirə gecəsi Müslüm Maqomayevin repertuarından ibarət musiqili konsert proqramı ilə davam edib. Konsert proqramı Valeri Klimovun ifasında “Azərbaycan” mahnısı ilə başlayıb. Sonra Salix Absalamov müəllifi olduğu və böyük sənətkara həsr etdiyi “Azərbaycan sevgi diyarıdır” mahnısını böyük məharətlə ifa edib. Konsertdə Ulyana Semyonovanın, Roman Muravlevin və başqalarının ifasında M.Maqomayevin mahnıları sələndirilib.
Konsertdə ifa edən bədii kollektiv, solist və vokalistlərə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmanlar təqdim edilib.