Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-York görüşlərinin ikinci günü “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi “Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak və təşkilatın fəaliyyəti ilə tanışlıqla başlayıb. Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər.Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər.
Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi “İrsimizə Atəş Açmayın” Filminin nümayişində iştirak edib. Bruklin şəhər merinin binasında nümayiş etdirilən film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edib.
Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində baş tutan tədbirdə çıxış edən Komitə sədri Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və bu mədəniyyətlərin daşıyıcısı olan xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak edib. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə qonaqlara təqdim edilib.
Nyu-York görüşlərinin növbətisi Bruklin şəhər meri cənab Erik Adamsla keçirildi. Qeyd edək ki, Bruklin ABŞ-da daha çox sayda soydaşımızın yaşadığı şəhərdir. Şəhər meriyasında keçirilən görüşdə nümayəndə heyətini salamlayan Erik Adams Bruklində yaşayan azərbaycanlılar və Azərbaycan Respublikası haqqında fikirlərini bildirib. Azərbaycanlıların Amerikada aktiv həyat sürdüyünü qeyd edib. Komitə sədri şəhər merini salamlayaraq ölkəmiz və diaspor təşkilatları haqqında fikirlərini bölüşüb. Soydaşlarımızın və diaspor təşkilatlarının normal fəaliyyəti üçün hər çür imkanların olduğu vurğulanıb. Gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə şəhər Meri ölkəmizə dəvət edilib.