Almaniyanın Aşağı Saksoniya vilayətində, Hannover şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, rejissor Ələkbər İmanovun çəkdiyi “Tunellblick” (“Tunel görüntüsü)” triller filminin təqdimat mərasimi keçirilib. Podeborn şəhərinin mərkəzi kinoteatrlarından birində baş tutan premyerada şəhər meriyasının nümayəndələri, Almaniyada tanınan aktyorlar Volfhanq Künhold və Nadya Qrun, media təmsilçiləri və digər qonaqlar iştirak edib. “İ-Mann Studio”da çəkilən 121 dəqiqəlik filmin ssenari müəlliflərindən biri, quruluşçu operatoru və mantajçısı Ələkbər İmanovdur. Film bir gəncin həyat yolundakı qarşılaşdığı problemlərdən bəhs edən psixoloji trillerdir.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanovanın oğlu Ələkbər İmanov İstanbul Texniki Universitetində təhsil alsa da, yaradıcılıq həvəsi onu Kanadaya aparıb və burada o, kinematoqrafiya sahəsində ilk addımlarını atıb. Sonra Azərbaycana qayıdaraq Bakı Beynəlxalq Kinematoqrafiya Məktəbini bitirib və biliyini daha da təkmilləşdirmək məqsədilə Almaniyada Media Elmləri Universitetinə daxil olub. Hazırda burada sənədli, qısametrajlı və bədii filmlər, eləcə də regional müştərilər üçün reklam çarxları çəkməklə fəaliyyətini davam etdirir. Müəllifin bəzi işləri müxtəlif festivallarda mükafatlara layiq görülüb.