Amerikada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlərini keçirib. Səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Dövlət Komitəsi tərəfindən son aylar görülən işlər, Koordinasiya Şuralarının formalaşması, yəhudi diasporu və digər təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda yəhudi icmasının vəziyyəti, Azərbaycan-İsrail münasibətləri barədə danışan tərəflər gənclərlə bağlı həyata keçirilən layihələrdən də söhbət açıb. Sonda tərəflər əməkdaşlıq barədə müəyyən razılığa gəliib.
Vaşinqtonda növbəti görüş Türkiyə-Amerika Təşkilat Komitəsinin (TASC- Turkish-American Steering Committee) həmsədri Günay Evinç və Komitə üzvləri ilə keçirilib. Görüşdə Türk və Azərbaycan diasporları arasında əməkdaşlıq müzakirə edilib, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı vurğulanıb. Memoranduma əsaslanaraq gələcəkdə əməkdaşlığı daha da dərinləşdirmək, vahid strategiya üzrə fəaliyyət göstərmək, xüsusilə Vaşinqton kimi dünyanın siyasi mərkəzləri olan şəhərlərdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Türk və Azərbaycan diasporlarının fəaliyyəti təhlil edilsin, problemlər müəyyənləşdirilsin və vahid strategiya hazırlansın.
Nümayəndə heyəti Vaşinqtonda daha bir görüşü Amerika Yəhudi Komitəsinin icraçı direktorunun siyasət məsələləri üzrə müavini Jason İsaacson ilə keçirib. Görüşdə Azərbaycan-İsrail münasibətlərindən söhbət açılıb, Azərbaycanda yəhudi icmasının və İsraildə Azərbaycan icmasının vəziyyəti müzakirə edilib, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətində daha geniş yayılımasına Amerika Yəhudi Komitəsi tərəfindən dəstək göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib.
Günün ikinci yarısında isə, nümayəndə heyəti Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən “Azərbaycan Mədəniyyət Günü”nə qatılıb. Muzeydə ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən sərgi təşkil edilib, Azərbaycan mədəniyyətinə aid nümunələr təqdim olunub. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Səfirin açılış nitqindən sonra çıxış edən Komitə sədri soydaşlarımızı salamlayaraq ölkəmiz haqqında, son illər Azərbaycanda əldə edilən inkişaf dinamikası barədə məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. Belə tədbirlərin milli-mədəni irsin yaşadılması və təbliği baxımından zəruri olduğunu bildirib. Komitə sədri Azərbaycan həqiqətlərinin yayılması, milli-mədəni irsimizin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələri qeyd edib. Tədbir kiçik yaşlı soydaşlarımızın rəqslərindən ibarət bədii proqramla davam edib.
Tədbirdən sonra Azərbaycan Mədəniyyət Mərkəzində icma nümayəndələri ilə görüş keçirilib. Görüşdə soydaşlarımız, diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də digər dost xalqların diaspor nümayəndələri iştirak edib. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş edilib. Komitə sədri diaspor sahəsində görülən işlər barədə məlumat verərək, qarşıya qoyulan hədəflərdən söhbət açıb, birliyin, birgə fəaliyyətin zəruri olduğunu bildirib. Soydaşlarımızın, diaspor təşkilatlarının fikirləri və problemləri dinlənilib. Komitə sədri vurğulayıb ki, Azərbaycan dövləti hər zaman diasporun, soydaşlarımızın yanındadır. Xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı hər zaman prioritet məsələdir. Görüşdə ABŞ-da yaşayan soydaşlarımızla Dövlət Komitəsi arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində də müzakirələr aparılıb.
Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.