Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova Türkiyənin Finlandiyaya yeni təyin olunmuş səfiri Mehmet Vakur Erkul ilə görüşüb.
Ü.Cabbarova yeni yaradılmış Koordinasiya şurası haqqında məlumat verərək, Şuranın Finlandiya üzrə əlaqələndiricisi kimi, ilk görüşü qardaş Türkiyə səfiri ilə keçirdiyini vurğulayıb. Görüşdə Azərbaycan və Türk diasporunun, eləcə də Türkiyə səfirliyinin birgə layihələr həyata keçirmək imkanları müzakirə olunub. Azərbaycan və Türk gənclərinə milli-mədəni irsin, adət-ənənələrin aşılanması üçün ortaq proqramların həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, ölkəmizin Finlandiya ictimayyətinə tanıdılması, Qarabağ həqiqətlərinin yerli cəmiyyətə çatdırılması, erməni yalanlarının ifşa olunması istiqamətində də ortaq layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Şuranın əlaqələndiricisi seçilməsi münasibətilə Ü.Cabbarovanı təbrik edən səfir Mehmet Vakur Erkul Azərbaycan və Türk diasporlarının birgə fəaliyyətindən, ortaq layihələrdən uğurlu nəticələrin əldə ediləcəyini bildirib.