Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin yeni yaradılan saytı (www.azcec.me) istifadəyə verilib. Saytda Monteneqro və Azərbaycan vətəndaşları iki ölkənin siyasi, mədəni, iqtisadi həyatı, turizm imkanları, infrastrukturu haqqında, ikitərəfli əlaqələr, o cumlədən mərkəzin fəaliyyəti ilə baglı məlumatlarla tanış ola biləcəklər. Bununla yanaşı, saytda Ermənistanın Azərbaycana qarşı təcavüzü, “Xocalıya ədalət” kampaniyası ilə bağlı geniş məlumatlar, həmçinin faydalı linklərə keçidlər yerləşdirilib. Saytın mütəmadi olaraq yenilənməsi və daha da genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın tarixi və mədəniyyətinin təbliği istiqamətində bir sıra layihələr həyata keçirən təşkilat bu il Monteneqroda 20 yanvar və Xocalı soyqırımı ilə bağlı məqalələr dərc etdirib, Novruz bayramı, ümummilli lideri Heydər Əliyevin 95 illiyi, Xalq Cümhuriyyətinin 100-cü ildönümü və digər tarixi hadisələrlə bağlı müxtəlif tədbirlər təşkil edib.
Mərkəz yerli, eləcə də beynəlxalq iqtisadi və mədəni təşkilatlarla əməkdaşlıq edir, eyni zamanda, potensial investorlar iqtisadi və investisiya imkanları, xarici investisiyalara dəstək proqramları, əlverişli sərmayə muhiti haqqında ətraflı məlumatlandırmağa və yardımçı olmağa calışır.