İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.
Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.
Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.
Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.
Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.
Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.