Noyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.
Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” Auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Faiq Sücəddinov, Tofiq Quliyevin və Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.
Konsertdə “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təsisçisi və prezidenti, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Nərgiz Əliyarova, Elvin Qəniyev, Zoya Qramaqin, Cefri Verbok milli və digər musiqi alətlərində ifa edəcəklər.