Diasporla İş üzrə Dövlət Komitəsində Skandinaviya ölkələrindən Azərbaycana gələn gənclərlə görüş keçirilib. Gənclərlə görüşən Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqları rəhbərliyin adından salamlayaraq, Azərbaycan diaspor hərəkatının genişlənməsində gənclərin üzərinə düşən vəzifələrdən danışıb, onların potensialını yüksək qiymətləndirib. O, Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsveçdə daha geniş yayılması imkanlarından bəhs edib.
Səmimi qəbul üçün minnətdarlıq edən gənclər ölkəmizlə bağlı təəssüratlarını bölüşüb, səfərin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və İsveç gəncləri arasında daha sıx əlaqələr yaratmaq imkanı verdiyini qeyd ediblər. Daha sonra isveçli gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gənclərin səfəri İsveçin “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Bir həftəlik səfər çərçivəsində gənclər müxtəlif qurumlarda görüşlər keçirib, Azərbaycanın tarixi yerlərində olublar.