Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Frederiksberq bələdiyyəsində “İnteqrasiya Günü” münasibətilə tədbir keçirilib. Azərbaycanı tədbirdə Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti təmsil edib.
Tədbiri giriş sözü ilə açan Frederiksberq bələdiyyəsinin meri Johan Glentoy tədbirin əhəmiyyətindən danışaraq, əsas məqsədin Danimarkada yaşayan müxtəlif xalqların təmsilçilərinin öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini danimarkalılara nümayiş etdirmək olduğunu bildirib. Bələdiyyə rəhbəri tədbirdə müxtəlif ölkələrin səfirliklərinin, cəmiyyət və diaspor təşkilatlarının iştirak etdiyini məmnunluq hissi ilə vurğulayıb.
Tədbirlərdə “Vətən” Cəmiyyəti tərəfindən yaradılan Azərbaycan guşəsində ölkəmiz haqqında ətraflı məlumatların verilməsi ilə yanaşı onun tarixini, zəngin mədəniyyətini, musiqisini və inkişaf dinamikasını əks etdirən kitab və broşürlər, eləcə də milli mətbəx nümunələri təqdim edilib. “Vətən” Cəmiyyətinin nümayəndələri qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verərək, onları maraqlandıran sualları müxtəlif dillərdə cavablandırıb, buradakı yerli ictimaiyyət nümayəndələrinə ölkəmizi daha yaxşı tanıtmağa çalışıblar.
Tədbirin bədii hissəsində Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan" uşaq yaradıcılıq qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub və onlara Frederiksberq bələdiyyəsi tərəfindən hədiyyələr təqdim olunub.