VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən diaspor nümayəndələrinin bir qrupu oktyabr ayının 25-də ADA Universitetində olublar. Qonaqları səmimi salamlayan Universitet rəhbərliyi diaspor təşkilatlarının xaricdə Azərbaycan mədəniyyətinin təbliğində rolundan danışaraq, ADA Universiteti ilə diasporlar arasında əməkdaşlığın qurulması, xaricdəki elm adamlarının potensialından istifadə məsələləri ilə bağlı fikirlərini bölüşüb. Rektor, xüsusilə fundamental elm sahəsində yeni nəslin formalaşdırılması baxımından bir sıra layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib və diaspor fəaliyyətində xaricdə təhsil alan azərbaycanlı tələbələrin rolundan danışıb. Xaricdə çalışan elm adamları ilə texniki sahədə, İKT sahəsində əməkdaşlığın vacibliyi və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə iştirak edən Diasporla İşl üzrə Dövlət Komitəsinin sədri qeyd edilən məsələlərin vacibliyini bildirərək, bu baxımdan diaspor təşkilatları arasında koordinasiyanın zəruri olduğunu vurğulayıb.
Görüş zamanı, Humanitar Forum çərçivəsində 26 oktyabr tarixində ADA-da keçiriləcək dəyirmi masada müzakirə ediləcək məsələlərə də toxunulub və yaradılması nəzərdə tutulan “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiyasiyası” haqqında da fikirlər səsləndirilib.
Sonda xatirə şəkilləri çəkilib.