ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhəri və vilayətin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı qeyd edilir. Bildirilir ki, Azərbaycan Respublikası regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atıb.
Daha sonra sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü təbrik edilir.
Qeyd edək ki, Kaliforniyada əhalisinin sayına görə dördüncü böyük şəhər olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.