Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Azərtac” Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı, ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunan konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, ictimai xadimlər, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açaraq dövlət müstəqilliyinin əhəmiyyətindən, müstəqillik illərində Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin inkişafından danışıb. Daha sonra çıxış edən Gürcüstan ictimaiyyətinin nümayəndələri, soydaşlarımız iki ölkə arasında münasibətlərdən danışaraq, Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər. Qeyd olunub ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda vurğulanıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi layihələr təkcə bir xalqın və bir dövlətin deyil, bütöv bir regionun, Avropanın enerji təhlükəsizliyində, bölgədə sabitliyin bərqərar olunmasında mühüm rol oynayır.