Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli muğam ifaçısı Əbdülbaqi Zülalova həsr edilən “Bülbülcan” kitabının təqdimat mərasimi olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, hər iki ölkənin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, bu cür tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycanda muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Daha sonra müəllif, bildirib ki, 1847-ci ildə Şuşada dünyaya göz açan Bülbülcan əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda – Tbilisidə xanəndə kimi şöhrət qazanıb. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşayıb. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə səsləndirib, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşaları arasındakı fasilələrdə ansamblı ilə çıxış edib. Əbdülbaqi Zülalova Bülbülcan ləqəbi də gözəl zəngulələrinə görə ilk dəfə Tbilisidə verilib.
Daha sonra çıxış edənlər Bülbülcanın yaradıcılığına nəzər salıb, Azərbaycan muğam sənətinin Tbilisidə şöhrət tapmasında mahir ifaçının rolunu xüsusi qeyd ediblər.
Çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.