Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Ukraynadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən biri Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq Respublika turniri keçirilib. Turnirdə 6 ölkədən 300-dək güləşçi iştirak edib.
Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın Olimpiya çempionu Elbrus Tedeyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin çıxış ediblər.
Çıxış edənlər Azərbaycan dövlətinin idmanın inkişafına yüksək diqqət və qayğı göstərməsindən, ölkəmizin mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsindən danışıblar. Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun eyni zamanda Azərbaycan diasporunun fəaliyyətinə verdiyi töfhələr vurğulanıb.
Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev Oleq Krapivini Komitə rəhbərliyi adından təbrik edərək onun Ukraynadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olduğunu diqqətə çatdırıb. Oleq Krapivinin diaspor sahəsindəki xidmətləri haqqında danışan R.Quliyev, ona Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələr təqdim edib. Oleq Krapivin eyni zamanda, Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə də təltif olunub.
Turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan 300-dək güləşçi birincilik uğrunda mübarizə aparıblar.