“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov Misirin baş müftisi, professor Şəvqi Əlləm ilə görüşüb.
Diaspor rəhbəri Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. Müxtəlif sivilizasiyaların qovuşduğu Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı qeyd edilib.
Professor Şəvqi Əlləm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib. O, 2017-ci ilin dekabrında, İslam həmrəyliyi ilə bağlı Bakıda keçirilən yekun konfransda iştirakından söhbət açaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşdən xoş xatirələrini bölüşüb.
S.Nəsirov Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlər haqqında geniş məlumat verib, xüsusilə İbn Həcib əl-Düvini, Əbdulhəmid əl-Şirvani haqqında geniş müzakirələr aparılıb.