31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yaşayan soydaşlarımız bir araya gəliblər.
Türk Amerika Mədəniyyət İttifaqının (TACA) mərkəzi binasında baş tutan bayram şənliyini Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi və Təşəbbüs qrupu təşkil edib. Tədbirdə Təşəbbüs qrupunun sədri Teymur Mehmandarov, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi adından Fərid və Mehriban Məmmədovlar çıxış edərək bütün iştirakçıları bayramlar münasibətilə təbrik ediblər. Onlar Həmrəylik Gününü xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşliyinin və Vətənə sədaqətinin rəmzi kimi səciyyələndiriblər. Artıq uzun illərdir ki, bütün dünyada təntənəli şəkildə qeyd edilən bu bayramın xarici ölkələrdə yaşayan soydaşlarımızda müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşıladığı diqqətə çatdırılıb. Hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayan natiqlər Çikaqoda yaşayan soydaşlarımızı tarixi Vətənlərinin milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə və bu ali amal ətrafında sıx birləşməyə çağırıblar.
Tədbirdə Şaxta baba və Qar qız öz çıxışları ilə uşaqları sevindirib, körpə balalara hədiyyələr təqdim ediblər.
Tədbir konsert proqramı ilə davam edib.