Dövlət Komitəsinin sədri dünya azərbaycanlılarını təbrik edib

30 Dekabr, 2019

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya azərbaycanlılarına 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik müraciəti ünvanlayıb.

Təbrikdə deyilir:

Dəyərli həmvətənlər, əziz dostlar!

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.

2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.

Bu il daha 7 Koordinasiya Şurası təsis edilib. Beləliklə, hazırda 29 ölkəni təmsil edən ümumilikdə 11 Koordinasiya Şurası fəaliyyət göstərir. Dövlət tərəfindən diaspor fəaliyyətinin dəstəklənməsi üçün “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

2019-cu ildə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib. Azərbaycan Diasporuna Dəstək Fondunun müəyyən etdiyi prioritet istiqamətlər üzrə 37 diaspor təşkilatının, 17 diaspor üzvünün layihəsi maliyyələşdirilmişdir.

Diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Strateji Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.

Əziz həmvətənlər,

Bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, yeni ildə sizə və ailələrinizə can sağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.