Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib.
Tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri, müəllimlər, valideynlər və gənclər iştirak ediblər. Toplantıda çıxış edən icraçı direktor Aygül İsayeva GAİM-in məqsəd və vəzifələri, açılış mərasimindən indiyədək həyata keçirilən layihələr və tədbirlər, meydana çıxan problemlər, gələcək planlar barəsində ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib.
Vətəndaş cəmiyyətinin nümayəndələri mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək bir sıra təkliflər irəli sürüblər.
Qeyd edək ki, GAİM Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə “Gənclər gələcəyimizdir – Təhsil Millətin gələcəyidir” layihəsini həyata keçirir. Layihə çərçivəsində mərkəzdə müxtəlif kurslar (Azərbaycan dili və ədəbiyyatı, Gürcü dili və ədəbiyyatı, İngilis dili, Azərbaycan, Gürcüstan və Dünya tarixi, məntiq və riyaziyyat, kompüter, məktəbəqədər hazırlıq və akrobatika gimnastikası) fəaliyyət göstərir. Bundan əlavə, mərkəz gənclərin bilik və bacarıqlarının artırılması, zövqlərinin formalaşması, vətənpərvər ruhda böyüməsi məqsədilə intellektual oyunlar, ədəbi-bədii gecələr, poeziya, böyük şəxsiyyətlərin anım günləri, tarixi yerlərə ekskursiyalar və s. kimi silsilə tədbirlər təşkil edir.