Kaliforniyada həmrəylik günü münasibətilə konsert təşkil olunub

30 Dekabr, 2019

Kaliforniya ştatının Santa Klara şəhərindəki konfrans mərkəzində ("Santa Clara Convention Center") 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçirilib.

"Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti"nin təşkil etdiyi tədbirdə 200-dən çox soydaşımız iştirak edib.

Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri Həmid Azəri bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, bu günün yaranma tarixindən və əhəmiyyətindən, eləcə də diaspor hərəkatının genişlənməsinə və mütəşəkkil fəaliyyətinə müsbət təsirindən danışıb.

Konsert proqramında hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayan müğənni Elariz Məmmədoğlu, uzun illərdir Kaliforniyada fəaliyyət göstərən rəqqas Saleh Hassanzadə, əslən amerikalı olan skripka ifaçısı Metyu Sanders çıxış ediblər. E.Məmmədoğlunun Azərbaycan mahnılarını, S.Hassanzadənin milli rəqslərimizi, M.Sandersin isə skripkada "Sarı Gəlin" xalq mahnısını ifa etmələri tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, M.Sanders Azərbaycan dili və mədəniyyətilə maraqlandığı üçün hər həftə cəmiyyətin ofisində təşkil olunan Azərbaycan dili kurslarında mütəmadi olaraq iştirak edir. Konsert soydaşlarımızın birlik və həmrəylik rəqsi sayılan "Yallı"nı birgə rəqs etmələri ilə başa çatıb.

Tədbir çərçivəsində foyedə təşkil olunmuş Azərbaycan guşəsində kişi və qadın milli geyimləri nümayiş edilib və cəmiyyətin yeni üzvlərinə hədiyyələr təqdim olunub.