Sentyabrın 19-da Kiyev şəhərində Səməd Vurğun adına kitabxanada azərbaycanlı tədqiqatçı, görkəmli publisist, politoloq Teymur Atayevin kitabının təqdimatı keçirilib.
Müəllifin “Rusiya, Ukrayna, Belarus və Baltikyani ölkələrin əraziləri uğrunda geosiyasi mübarizənin tarixi” adlı kitabının Ukrayna dilində, "Ukraynada islam: keçmiş, indi və gələcək" adlı kitabının isə rus dilində təqdimatı olub.
Tədbir Səməd Vurğun adına kitabxana, İslam Mədəniyyət Mərkəzi və jurnalist Qonçaruk Marinanın təşkilatçılığı ilə keçirilib.
"Ukraynada islam: keçmiş, indi və gələcək" adlı kitab Ukraynadakı müsəlman icmasının tarixi və müasirliyinə həsr edilib. Eyni zamanda, 10 əsrdən artıq zamanda Ukraynada islam dininə sitayiş edən etnik ukraynalılar və digər xalqların birgə keçdiyi tarixi yolu əks etdirən mühüm hadisələr və proseslərlə bağlı qeydlərin yer alacağı gözlənilir.
Teymur Atayevin sözlərinə görə, Bakıda yanvar hadisələri haqqında xarici ölkələrin oxucularını məlumatlandırmaq üçün tarixi ətraflı öyrənməyə başlayıb. "Hər şey qarşılıqlıdı və müəyyən proseslərin izahı üçün tarixi siyasi proseslərə geri qayıtmaq lazımdır, bu səbəbdən də mən kitab və tədqiqatlar üzərində işləməyə başladım."-deyə T. Atayev bildirib.
O həmçinin qeyd edib ki: "Ukrayna və Azərbaycan tarixlərinə, həmçinin çoxmillətlilik və tolerantlığa görə çox oxşardırlar."
Tədbirdə yazıçılar, jurnalistlər, ictimai xadimlər, professorlar, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Teymur Atayev Kiyev, Odessa, Ostorq və Lvovun müxtəlif Universitetlərində mühazirələr oxuyur.
Kitabların növbəti təqdimatı İslam Mədəniyyət Mərkəzinin dəstəyi ilə Lvov Kitab Forumunda olacaqdır.