Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində 25 dekabr 2019-cu il tarixində Kanadada yaşayan soydaşlarımız Turqut Cabbarlı və Nərgiz Məmmədova ilə ADA Universiteti və Azərbaycan Texniki Universitetində (AzTU) görüşlər keçirilib.
Görüşlər zamanı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb. Müzakirələr zamanı Kanada universitetləri ilə müxtəlif sahələrdə (süni intellekt daxil olmaqla) tələbələrin/müəllimlərin/tədqiqatçıların mübadiləsi, Kanada universitetlərində AzTU və ADA universiteti haqqında informativ xarakterli tədbirlərin təşkili, ADA və AzTU tələbələrinin yay aylarında Kanada universitetlərində təcrübə praktikalarının təşkili, Azərbaycan Texniki Universitetinin tədris proqramının təkmilləşdirilməsi məqsədi ilə Kanada ekspertlərinin dəvət edilməsi, Kanada universitetlərinin tədqiqat layihələrinə AzTU və ADA universitetlərinin mütəxəssislərinin cəlb edilməsi, Kanada universitetlərində keçirilən beynəlxalq konfranslarda AzTU və ADA universitetlərinin nümayəndələrinin iştiraklarının təmin edilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qeyd edək ki, Azərbaycan diasporunun nümayəndələri olan T.Cabbarlı və N.Məmmədova süni intellekt sahəsində mütəxəssisdirlər, eləcə də Kanadanın bir sıra universitetləri ilə sıx əlaqələri mövcuddur.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələr ilə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir. Proqramla bağlı Dövlət Komitəsinin nümayəndələri bir sıra universitetlərin rəhbərləri ilə görüşüb və müvafiq müzakirələr aparıb.