Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi qərargahında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş toplantı və filologiya elmləri doktoru, tanınmış jurnalist Rövşən Raqifoğlunun (Məmmədov) “Azərbaycan diasporu” əsərinin təqdimatı keçirilib.
Tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB), Ukrayna Azərbaycanlıları Alimlər Şurasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) rəhbərləri və üzvləri, bir sıra vilayətlərin diaspor rəhbərləri, tanınmış soydaşlarımız iştirak ediblər.
UADB sədri, hüquq elmləri doktoru Hikmət Cavadov, BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, azərbaycanlı alimlər Fərhad Turanlı və Arif Quliyev, Ukrayna Xalq artisti Qurban Abbasov və digərləri çıxış edərək, qarşıdan gələn bayramlar münasibətilə bütün soydaşlarımızı təbrik ediblər. Qeyd edilib ki, əvvəlki illərə nisbətən 2019-ci il Ukrayna azərbaycanlıları üçün daha məhsuldar keçib. Soydaşlarımız Ukraynada yüksək vəzifələrə irəli çəkiliblər, Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə bir sıra yeni layihələr gerçəkləşdirilib. Onlar Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Azərbaycana rəsmi səfər etməsinin Azərbaycan diasporunun fəaliyyətinə böyük təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra milli diasporumuzun fəaliyyətində ilk nəzəri əsər olan “Azərbaycan diasporu” kitabının təqdimatı keçirilib. Bildirilib ki, artıq kitab Ukraynada bütün Azərbaycan mərkəzlərinə, gənclər təşkilatlarının fəallarına çatdırılıb və bu proses növbəti aylarda da davam edəcək. Çünki kitab həm elmi vəsait, həm də qlobal informasiya savaşında iştirak edə bilən azərbaycanlıların istifadəsi baxımından çox vacib nəşrdir. Əsərdə maraqlı statistik rəqəmlər açıqlanıb, dərin təhlil aparılıb, gələcək vəzifələr göstərilib, azərbaycançılıq ideologiyasına uyğun olan əsas strategiya və hədəflər müəyyənləşdirilib, elmi araşdırmalara geniş yer verilib. “Azərbaycan diasporu” əsərinin digər dillərə tərcümə edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında yayılmasının zəruriliyi təklif olunub.
Qeyd edək ki, “Azərbaycan diasporu” kitabı Rövşən Raqifoğlunun üçüncü elmi əsəridir. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan soydaşımız 40-dan çox elmi məqalənin müəllifidir.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr barədə video-çarxların nümayiş olunması ilə yekunlaşıb.