“Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızın qatıldığı tədbirdə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, nəsimişünas tədqiqatçı Həcər Karara çıxış ediblər. Azərbaycanla Misir arasında siyasi, mədəni və tarixi əlaqələrin mövcud olduğu, son illər 1000-dən çox misirli tələbəyə Azərbaycan dilinin tədris edildiyi, ölkəmizin mədəniyyəti, tarixi haqqında geniş bilgilərin verildiyi bildirilib. Yerli sakinlərlə ailə həyatı quran soydaşlarımızın övladlarına həm də Azərbaycan dilini öyrətmələrinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Qahirədə yerləşən Azərbaycan diaspor mərkəzi artıq soydaşlarımız üçün doğma evə çevrilib və diaspor üzvlərimizin bir araya gəlməsi və təşkilatlanması məqsədilə burada mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir.
Ölkəmizin qədimdən alimlər diyarı kimi tanınmasından danışılıb, misirli alim Həcər Kararanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında tədqiqatını azərbaycanlı şairlərdən biri ilə davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar da olmaqla, dünyanın 20 ölkəsindən 250-dən çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.