Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ölkələrimizi vəsf edən əsərlərin, dostluq əlaqələrimizi təbliğ edən fəal şəxslərin müəyyənləşdirilməsinə dair "İlin ən fəalları, yaxşıları" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, diaspor nümayəndələrimiz və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın İslam Sivilizasiyalar Mərkəzinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, professor İsroil Şamsimuxammedov çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə qonaqları təbrik ediblər. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrikdə söylənilən uğurları və xoş arzuları xatırladan natiqlər 2019-cu ilin ölkələrimiz üçün yüksək nəticələrlə yadda qaldığını, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü zamanı Özbəkistanın bu quruma üzv kimi daxil olduğunu, dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi və s. vurğulayıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi üzrə, ölkəmizin Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2019-cu il üzrə elan edilmiş müsabiqə çərçivəsində yerli mətbuatda Azərbaycan tarixi, mədəniyyəti, turizmi, xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair 500-ə yaxın məqalənin dərc edildiyi, televiziya verilişlərin yayımlandığı, özbək dilində çoxsaylı Azərbaycan əsərlərinin tərcümə edilərək çap olunduğu bildirilib.
“Qani ketdik Ozarbaijanga: Gəlin gedək Azərbaycana” (Milli TV) və «Узбекистон умумий уйимиз» (Özbəkistan Dövlət televiziyası) adlı verilişlər "ilin ən yaxşı televiziya verilişi", dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərindən ibarət “Cananı sevirəm” kitabı (şair-tərcüməçi Tahir Qahhar), Əlişir Nəvainin "Xəmsə" əsəri (tərcüməçi professor, tanınmış alim Ramiz Əskər) və Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti "İlin ən yaxşı tərcümə əsəri", Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti Atxanbek Olimbekov "İlin ən fəal alimi", “Soqdiana" kamera orkestrı "ilin ən fəal yaradıcı kollektivi", şairə-tərcüməçi Dilbar Xaydarova və “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair-tərcüməçi Şaxməmməd Dağlaroğlu "ilin ən fəal ictimaiyyət nümayəndəsi" mükafatlarına layiq görülüblər.
Azərbaycan icmasının üzvləri Nuranə Həsənova (Daşkənd), Məmməd Hüseynov (Səmərqənd) diaspor sahəsində fəal iştirakları, Əməkdar xalq müəllimi, ədəbi tərcüməçi Şərqiyyə Şıxməmmədova isə 85 illik yubileyi münasibəti ilə Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin xüsusi mükafatı ilə təltif ediliblər.
Özbəkistanın «fikr.uz», “kitab dunyosi.uz”, Dövlət Xəbər Agentliyi olan «uza.uz», «xabar.uz”, «interpress.uz» saytlarına isə fəxri diplomlar və pul mükafatları təqdim olunub.
Daha sonra "İlin ən yaxşı TV verilişi" mükafatına layiq görülən “Gəlin gedək Azərbaycana” verilişi və Azərbaycan əsilli musiqiçi Sami Yusufun İ.Nəsiminin "Sığmazam" qəzəli əsasında bəstələdiyi eyniadlı musiqi kompozisiyası nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam edib.