Belarusun paytaxtı Minsk şəhərinin mərkəzində - şəhər şurasının qarşısında artıq üçüncü ildir ki, Azərbaycan İcmaları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə "Bakı bulvarı" adlı Azərbaycan mədəniyyəti günü keçirilir. Azərbaycan Milli mədəniyyətini, mətbəxini, adət və ənənələrini özündə əks etdirən festivalın təşkilinə Minsk şəhər İcraiyyə Komitəsi də dəstək göstərib.
Tədbirin çoxsaylı iştirakçıları arasında müxtəlif yerli dövlət nümayəndələri, şəhər meriyasının üzvləri, eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elçin Soltanov, Azərbaycanın Belarusdakı Səfirliyinin nümayəndələri, Rusiyada yaşayan azərbaycanlı jurnalist, "MİSRA" xəbər portalının direktoru Fuad Abbasov və başqaları olub.
Fetivalın açılışında çıxış edən E.Soltanov tədbirə toplaşan şəhər sakinlərini, qonaqları Dövlət Komitəsinin rəhbərliyi adından salamlayaraq iki xalq arasında dostluq əlaqələrinin inkişafında belə tədbirlərin əhəmiyyətini və diasporun xidmətlərini vurğulayıb.
Festivalda Azərbaycan milli mahnı və rəqsləri iştirakçılara təqdim olunub, milli adətlərimizdən olan xınayaxdı mərasimi səhnələşdirilib, nərd oyunu və digər istirahət zonaları təşkil olunub. Qonaqlara Azərbaycanın milli şirniyyatları ilə çay içmək və mətbəximizin təamlarından dadmaq imkanı da yaradılıb.
Tədbirdə həmçinin, aşpazların ustad dərsləri, milli xalçalarımızın və Azərbaycanın görməli yerlərinin, tarixi abidələrinin fotosərgisi təşkil olunub. Eyni zamanda balacalar üçün heyvanlarla təmasda ola biləcəklər zoopark və digər əyləncələr iştirakçıların ixtiyarına verilib.
Festival çərçivəsndə təşkil olunan müsabiqələrin qaliblərinə isə müxtəlif mükafatlar, o cümlədən Azərbaycana səhayət paketi təqdim olunub.
Konsert proqramında Azərbaycan və Belarus müğənniləri, o cümlədən Günəş Abbasova, Azərbaycanın xalq artistləri Lalə Məmmədova, Cahangir Qurbanov, Samir Cəfərov, "Sarı gəlin" rəqs ansamblı və digər qonaqlar iştirak edib.
Tədbir yerli mediada geniş işıqlandırılıb.