Daşkənddə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə tədbiri keçirilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə Daşkənd, Buka, Gülüstan şəhərlərində fəaliyyət göstərən 10 uşaq evinin 250-dək şagird və müəllimləri iştirak ediblər.
Tədbir Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin foyedə təşkil olunan şəkil və suvenirlərdən ibarət sərgi ilə tanışlıqdan başlayıb. Uşaqlara ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra mərkəzin direktoru Samir Abbasov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, xalqlarımız arasında dostluq əlaqələrindən, uşaqların elm və biliklərə yiyələnməsinin vacibliyindən, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə göstərdikləri diqqət və qayğıdan, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində atılan addımlardan və görülən işlərdən danışıb. Tədbir iştirakçılarını Yeni il münasibətilə təbrik edib. Tədbirdə uşaqlara bayram hədiyyəsi verilib. Xeyriyyə tədbiri konsert proqramı ilə başa çatıb.