Almaniyanın Köln şəhərində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş konsert təşkil edilib.
Məşhur "Sankta Klara Keller" kamera musiqisi zalında baş tutan "Qara Qarayev – ölməz düha" adlı tədbir şəhər mədəniyyət şöbəsinin, Alman-Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə gerçəkləşdirilib.
Konsertdə şəhər mədəniyyət şöbəsinin rəisi Dr.Kristof Müller, WDR radio və televiziya şirkətinin nümayəndəsi, Qara Qarayevin əsərlərindən ibarət disklərin prodüseri Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru, professor Tilman Klaus, dekanı Brigitte Lindner, yerli ictimaiyyətin və azərbaycanlı icmanın nümayəndələri iştirak ediblər.
Tədbirdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer, bədii qiraət ustası Peter Tonqer çıxış ediblər. Qara Qarayevin həyat və yaradıcılığı, Azərbaycan və dünya musiqisinə bəxş etdiyi töhfələr barədə ətraflı məlumat verilib, ölməz bəstəkarın musiqi haqqında iqtibasları, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, musiqi əsərlərinin ədəbi mənbələrindən fraqmentlər səsləndirilib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin, ispan yazıçısı Servantesin, rus şairi Puşkinin əsərlərindən parçalar oxunmaqla, Qara Qarayevin necə zəngin mənəviyyat, yüksək intellektual sahibi olduğu nəzərə çatdırılıb.
Konsert proqamında bəstəkarın “Don Kixot” simfonik qravüralarından parçalar, „Yeddi gözəl“ baletindən səhnələr, kamera-instrumental əsərləri, prelüdləri, skripka və fortepiano üçün sonata, Puşkinin sözlərinə yazılmış iki romansı və başqa əsərləri təqdim olunub. Əsərləri alman və azərbaycanlı musiqiçilər – Əməkdar artist Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka), Martin Lindsej (vokal) ifa ediblər.
Tədbir çərçivəsində Kölndə yaşayan rəssam Margarita Kərimova-Sokolovanın „Musiqinin yaranması“ silsiləsi və Qara Qarayevin musiqisinə həsr etdiyi rəsm əsəri, Almaniyanın WDR şirkətinin bəstəkarın əsərlərindən ibarət buraxdığı disk (pianoçu Elnarə İsmayılovanın ifasında), Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyanın „Bellman“ nəşriyyatında çap olunmuş „Qara Qarayevin fortepiano üçün seçilmiş əsərləri“ not kitabı nümayiş olunub.
Qarayev əsərlərini maraqla və alqışlarla qarşılayan ictimaiyyət nümayəndələri tədbiri Azərbaycan mədəniyyətinin müvəffəqiyyəti və iki ölkənin mədəniyyətlərarası dialoqunun inkişafına daha bir töhfə kimi dəyərləndiriblər.