Niderlandın Rotterdam şəhərində Azərbaycan həftəsonu məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Beniluks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən məktəbdəki bayram şənliyi körpə fidanlar və uşaq musiqili teatr qrupu ilə birgə hazırlanıb.
Tədbirdə BAK sədri Elsevər Məmmədov, həftəsonu məktəbinin rəhbəri Zərifə Suleymanova, körpə fidanlar və uşaq musiqili teatr qrupunun bədii rəhbəri Sima Cəfərova çıxış edərək, məktəbliləri və onların valideynlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Bu cür tədbirlərin keçirilməsinin azərbaycanlı uşaqlar ücün çox vacib olduğuna diqqəti cəlb edən natiqlər tarixi Vətənlərindən uzaqda yaşayan uşaqların Azərbaycan dilinə yiyələnməsinin önəmindən danışıblar. Tədbirdə, eyni zamanda yeni təsis olunmuş körpə fidanlar və uşaq musiqili teatr qrupu barədə ətraflı məlumat verilib.
Sonra körpə fidanlar və uşaq musiqili teatr qrupunun ifasında mahnılar və şeirlər səsləndirilib. Şaxta babanın tədbirə gəlməsi və uşaqlara hədiyyələr paylaması böyük coşquyla qarşılanıb.