Tbilisidə Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Hacı oğlu Əliyev uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib.
1947-ci il iyunun 1-də Marneuli rayonunun Ambarovka kəndində anadan olmuş İ.Əliyev A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. Jurnalistika karyerasına “Sovet Gürcüstanı” respublika qəzetində başlayan soydaşımız 1990-cı ildə həmin nəşrin redaktor müavini, 2015-ci ildə “Gürcüstan” qəzetinin redaktoru təyin edilib. Eyni zamanda 2004-cü ildən 2014-cü ilədək “AzərTac”ın Gürcüstan üzrə müxbiri vəzifəsində fəaliyyət göstərib.
Gürcüstanın Əməkdar jurnalisti İ.Əliyev bir neçə kitabın redaktoru, hekayə və publisistik yazıların müəllifi olub. Onun əsərləri hər iki ölkənin mətbuatında dərc edilib.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yayıb.
Başsağlığında deyilir: “Gürcüstan Jurnalistlər Birliyinin Rəyasət Heyətinin üzvü İslam Əliyev ömrü boyu Gürcüstanda jurnalistikanın inkişafına böyük töhfələr verib, gürcü və Azərbaycan xalqları arasında dostluğun gücləndirilməsinə xidmət edib. İslam Əliyevin vəfatı ilə bağlı onun yaxınlarına, dost və həmkarlarına başsağlığı veririk”.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Gürcüstandakı icma fəaliyyətinə, ana dilimizdə nəşrin qorunub saxlanılmasına və inkişafına töhfələr vermiş İslam Əliyevin vəfatından kədərləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!