Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib. Ölkəmizi bu tədbirdə Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) təmsil edib.
Dünyanın bir çox ölkələrindən festivala qatılan müxtəlif diaspor nümayəndələri öz milli mətbəx nümunələrini tədbir iştirakçılarına nümayiş etdiriblər. Soydaşlarımız tədbirdə Azərbaycan mətbəxinin müxtəlif təamlarını, ilk növbədə isə şah plovu təqdim ediblər.
AAC rəhbəri Fərid Əzizov bildirib ki, festival iştirakçıları milli mətbəx nümunələrimizi çox bəyəniblər. Onların diqqətini şah plov xüsusilə cəlb edib. Bu təamın dadına baxan qonaqlar onu digərlərinə də tövsiyə ediblər.
Qeyd edilib ki, bu cür tədbirlərdə iştirak çox vacibdir. Məhz milli mədəniyyət və mətbəx nümunələrinın təbliği Azərbaycanın dünyada daha da yaxşı tanıdılmasına öz töhfəsini verir.