Xatirə turniri dekabrın 14-də Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycan-Almaniya kikboksçularının peşəkar turniri" adı altında keçirilib. Almaniyanın Duisburq şəhərində keçirilən turnirdə Azərbaycan komandası ilə Almaniya kikboksçuları qarşılaşıb.
Turnirin təşkil edildiyi zalda Azərbaycan, Türkiyə və Almaniyanın bayraqları asılıb. Yarışa Azərbaycan və Almaniyanın dövlət himnlərinin səsləndirilməsilə start verilib.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev yarışın əvvəlində çıxış edərək iştirakçıları salamlayıb qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün burdayıq, idman bir dostluqdur, qardaşlıqdır. Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli yarışda idmançılarımıza uğurlar arzulayıb.
Azərbaycan və Almaniyadan 24 idmançının qatıldığı yarışda idmançılarımız qələbə qazanıb. Onlar 6 yarışdan 5-ni uğurla başa vurub. Qaliblərə Heydər Əliyev kuboku və sertifikatlar təqdim edilib.