İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda iştirak edib

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildi.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. Bu il isə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə bu yubileyi qeyd edərək biz böyük tədbirlər keçirmişik, keçiririk və ilin sonuna qədər bu tədbirlər keçiriləcəkdir.

Bir daha demək istəyirəm ki, biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdır. Gəncənin tarixi adı qaytarılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili - ana dili bütün təhsil müəssisələrində qəbul edilmişdir.

Bir sözlə, görülmüş işlər çox idi. Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir.

Əfsuslar olsun ki, biz müstəqilliyi itirdik. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir.

XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur, ikinci dəfə 1991-ci ildə. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.

Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət etmişdir, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. İlk növbədə, onun Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir. Digər səbəblər ondan ibarətdir ki, Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır. O vaxt AXC-Müsavat təşkilatı demək olar ki, qorxudan görünmürdü, gizlənmişdir, fərarilik etmişdir. Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır. Azərbaycan xalqı əlbəttə ki, bu tarixi yaxşı bilirdi. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur.

Qeyd etdiyim kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan verməmişdir, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır. Yəni, əlbəttə, xalq yaxşı bilirdi ki, Heydər Əliyev güclü liderdir, Vətənə bağlı olan insandır və məhz belə bir insan Azərbaycana rəhbərlik etməlidir.

1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Bu çətin şəraitdə Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Beynəlxalq təcridə son qoyulmuş, Azərbaycan dünyanın aparıcı ölkələri ilə konstruktiv münasibətlər qura bilmişdir. Qonşu dövlətlərlə münasibətlər normallaşdı. Çünki bu, bir absurd vəziyyət idi ki, 1993-cü ilə qədər Azərbaycan, demək olar, bütün qonşu dövlətlərlə çox gərgin münasibətlər şəraitində yaşayırdı. Qonşu dövlətlərlə, böyük dövlətlərlə münasibətlərin qurulması Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ciddi iqtisadi islahatların nəticəsi olaraq Azərbaycana böyük sərmayə axını müşahidə edilməyə başlamışdır. “Əsrin kontraktı” imzalanmışdır ki, bu, iqtisadi müstəqilliyimizi şərtləndirən əsas amil olmuşdur. Hamımız yaxşı bilirik ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Ordu quruculuğunda böyük addımlar atılmışdır. Azərbaycanda nizami ordu yaradıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir.

2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir.

Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var. Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb.

Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır.

Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.

Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir. Biz güclü iqtisadiyyat yaratmışıq. Biz təbii resurslarımızdan çox böyük səmərə ilə istifadə etmişik və iqtisadi müstəqillik siyasi müstəqilliyimizin əsas amilidir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin.

Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.

Bizim iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Bunu biz demirik, bunu dünyanın birinci iqtisadi forumu olan Davos İqtisadi Forumu deyir.

Yəni, bu güclü iqtisadiyyat imkan verir ki, biz Azərbaycanda istənilən sosial layihəni, infrastruktur layihələrini icra edək və edirik. Azərbaycan sosial dövlətdir. Sosial sahəyə ayrılan diqqət imkan verir ki, bir çox sosial problemlər öz həllini tapsın, o cümlədən sosial infrastrukturla bağlı olan layihələr. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikilib. Bütün bunların təməlində həm bizim siyasətimiz, həm də iqtisadi gücümüz dayanır. Biz təbii resurslarımızı - nefti insan kapitalına çevirmişik. Bu istiqamətdə işlər davam edir və davam edəcəkdir. Biz ölkəmizin müstəqilliyini gücləndirən güclü infrastruktur yaratmışıq. O infrastruktur ki, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Demək olar ki, bütün əsas infrastruktur layihələrini sıfırdan yaratmışıq.

Biz dənizləri neft–qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi.

Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaqdır. Bu da böyük tarixi qələbəmizdir.

Biz nəqliyyat infrastrukturunu yaratmaqla qitələri birləşdirdik. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Təşəbbüskarı olduğumuz Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat infrastrukturu ilə bağlı digər layihələr, Xəzərin ən böyük limanı olan Ələt Limanının işə düşməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış addımlar bir məqsədi güdür ki, Azərbaycanı dünyanın nəqliyyat mərkəzlərindən birinə çevirək. Bu istiqamətdə böyük işlər görüldü. Bu, müstəqilliyi gücləndirən amildir. Bu, qeyri-neft sektorunu inkişaf etdirən amildir. Biz bu məsələ ilə bağlı çox ciddi məşğuluq. Gec-tez bizim təbii resurslarımız tükənəcək. Baxmayaraq ki, “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti 2050-ci ilə qədər uzadıldı. Ən azı o vaxta qədər bu kontrakt qüvvədə olacaq. Mən tam əminəm ki, 2050-ci ildən sonra da kifayət qədər neft ehtiyatları “Azəri-Çıraq-Günəşli”də qalacaq.

O ki qaldı, bizim təbii qaz resurslarımıza, bu resurslar ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var.

Hesab edirəm ki, müstəqil dövlət kimi Azərbaycan humanitar sahədə tarixi nailiyyətlərə imza atdı. Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. O şəraitdə ki, bu yanaşmaya indi dünyada o qədər də isti münasibət göstərilmir. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik. Tam əminik ki, biz düzgün yoldayıq. Çünki bizim nümunəmiz, bizim gördüyümüz işlər dinlərarası, millətlərarası dialoqun güclənməsinə gətirib çıxarır və nəticə etibarilə sabitliyə, təhlükəsizliyə xidmət göstərir.

Heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan idman sahəsində dünyanın aparıcı ölkələrinin sırasında olacaqdır. Biz buna nail ola bilmişik. Sovet dövründə əgər bizim hansısa bir idmançımız Avropa, ya dünya çempionatında yüksək yer tuturdusa, biz bunu böyük bir tarixi hadisə kimi qəbul edirdik. Bu gün bizim idmançılarımız Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında yüzlərlə medal qazanmışlar. Son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdədir. Təsəvvür edin, 200-ə yaxın ölkənin iştirak etdiyi bu Oyunlarda 14-cü olmaq nə qədər böyük nailiyyətdir. Bu, nəyin nəticəsidir? Görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsidir. Bu gün hansı sahəyə baxsan inkişaf var, tərəqqi var və gələcək dinamik inkişaf üçün aydın baxışlar var. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.

Azərbaycanın zəngin təbii resursları vardır və baxmayaraq ki, onların böyük hissəsi tükənib, ancaq yenə də var. Azərbaycan o diyardır ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft 1846-cı ildə məhz Azərbaycanda hasil edilmişdir. O hadisəni əks etdirən abidə də qoyulub. O vaxt dünya neftinin böyük hissəsini onilliklər ərzində Azərbaycan təmin edirdi. Ancaq Azərbaycan xalqı bu təbii resurslardan faydalana bilibmi? Yox. Baxın, biz hansı vəziyyətdə idik. Biz bu gün Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Baxın, o vaxta qədər və o vaxt bizim ölkəmiz hansı vəziyyətdə idi. Yoxsulluq, səfalət, savadsızlıq, tamamilə dağılmış tarixi şəhərlərimiz. Nəyə görə? Çünki Azərbaycan müstəqil deyildi. Sovet dövründə, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı faşizm üzərində Qələbəni əldə edə bilməzdi. Bunu hamı bilməlidir. Biz Qələbəyə həlledici töhfə vermişik. O vaxt Azərbaycan xalqı, Azərbaycan zəhmətkeşləri, neftçiləri, Azərbaycan nefti ümumittifaq büdcəsinə xidmət göstərirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməyənə qədər Azərbaycan bütün bu sərvətlərə baxmayaraq, Sovet İttifaqında ən axırıncı yerdə idi. Nəyə görə? Çünki müstəqil deyildik. Taleyimiz əlimizdə deyildi.

1970-ci illərdə Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan çox böyük dərəcədə inkişaf etmişdir. Ancaq yenə də müstəqil deyildi. Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir.

Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir.

X X X

Rəsmi qəbul konsert proqramı ilə davam etdi.