Polşada Azərbaycan Evində proqramlaşdırma kursunu bitirənlərə sertifikatlar təqdim edilib

18 iyul, 2024

Polşada Azərbaycan Evində proqramlaşdırma kursunu bitirənlərə sertifikatlar təqdim edilib

Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Python” proqramlaşdırma kursu yekunlaşıb.

Aprelin 24-dən başlayan dərslər əyani və onlayn şəkildə davam edib. Kurs müddətində tələbələr təməl proqramlaşdırma biliklərinə yiyələnib və sonda imtahan verərək kursu bitiriblər. Kurs müddətində dərslərdə davamlı iştirak edən və müsbət nəticə göstərən tələbələrə Assosiasiya tərəfindən sertifikatlar təqdim olunub. Təlimlər tələbələr tərəfindən yüksək qiymətləndirilib.

Dərslər təlimçi Tural Vəliyev tərəfindən tədris olunub. İtalyanın Bolonya Universitetində və Polşanın WSB Universitetində təhsil almış Tural Vəliyev hazırda Polşada yerləşən aparıcı qlobal şirkətlərdən biri olan “State Street” şirkətində çalışır.

Qeyd edək ki, Krakovda yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımız üçün davamlı olaraq müxtəlif mövzularda tədbir və layihələr təşkil olunur. Hazırda Azərbaycan Evində Polyak dil kursu da davam etməkdədir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər