Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti beynəlxalq ictimaiyyətə müraciət edib
22 sentyabr, 2023Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.
Cəmiyyətin adından BMT-nin müvafiq strukturlarına, Avropa Parlamentinin ABŞ ofisinə, Nyu-York ştatı Assambleyasına, Nyu-York qubernatoruna, Beynəlxalq Sülh İnstitutuna, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri Azərbaycan əsilli nyu-yorkluları dərindən kədərləndirib.
Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.
Azərbaycana dəstəyini ifadə edən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.
Digər xəbərlər