Zalsburq Azərbaycan Evində Azərbaycan karateçiləri ilə görüş olub
9 sentyabr, 2025
Azərbaycanın karate üzrə milli komandası Avstriyanın Zalsburq şəhərində keçirilən Karate A Seriyası üzrə dünya çempionatının seçmə mərhələsində və beynəlxalq turnirdə iştirak edib. 77 ölkədən ən güclü idmançıların qatıldığı bu yarışda ölkəmizi 9 nəfərlik heyətlə təmsil edən komandamız gərgin və əzmkar mübarizə apararaq iki medal qazanıb.
Gənc idmançımız Hüseyn Hüseynli rəqiblərini ardıcıl məğlub edərək finala yüksəlib və sonda gümüş medala layiq görülüb. Digər təmsilçimiz Rəşid Süleymanov isə üçüncü yer uğrunda keçirilən qarşılaşmada Almaniya idmançısını məğlub edərək bürünc medalın sahibi olub. Avstriyada yaşayan soydaşlarımız idmançılarımızı böyük sevgi və coşqu ilə dəstəkləyib, tribunada “Azərbaycan!” şüarları səsləndiriblər.
Turnirdən sonra milli komandamızla Zalsburqda fəaliyyət göstərən Azərbaycan Evində görüş olub. Tədbirdə Almaniya karate millisinin baş məşqçisi Nika Tsurtsumia, Türkiyə yığmasının gənclər üzrə baş məşqçisi Hamza Kör və Ukrayna komandasının baş məşqçisi Oleksander Tonkoşkur da iştirak edib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov idmançılarımızın uğurunun Azərbaycan gənclərinin idmana sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd edək ki, Fərid Əzizov özü də karateçidir. O, Kempo Karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionudur. 4-cü dan "Qara kəmər" sahibidir. O, hazırda yaşadığı Avstriyaya Kempo Karate üzrə ilk qızıl medalı qazandırıb.
Milli komandamızın kapitanı Asiman Qurbanlı karateçilərimizin daha böyük nailiyyətlər uğrunda daim çalışacaqlarını bildirib.
Türkiyəli məşqçi Hamza Kör isə bu turnirin yalnız idman yarışı deyil, həm də xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirən əhəmiyyətli bir tədbir olduğunu qeyd edib.
Almaniya yığmasının baş məşqçisi Nika Tsurtsumia azərbaycanlı karateçi Rəşid Süleymanovun çıxışını yüksək qiymətləndirib. O, gənc idmançının böyük gələcək və parlaq perspektivlər vəd etdiyini dilə gətirib.
Foto qalereya
Digər xəbərlər
