Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində İohann Ştrausun 200 illiyi qeyd olunub

2 iyul, 2025

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində İohann Ştrausun 200 illiyi qeyd olunub

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Şərq və Qərb bəstəkarlarının yaradıcılığında valsın metamorfozları. İohann Ştraus – dünya şöhrətli vals və operetta kralı kimi” adlı musiqili tədbir keçirilib. Tədbir Vyana bələdiyyəsinin avstriyalı bəstəkar, dirijor və skripkaçı II İohann Ştrausun 200 illik yubileyinə həsr olunan “Vyana Ştrausda və dəbdəbədə” layihəsi çərçivəsində təşkil edilib.

“Musiqi sevinc gətirir” (Musik macht Freude - MmF) adlı Vyana musiqi məktəbinin təşkil etdiyi mərasim Azərbaycan Mədəniyyət Mərkəzi, “Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, “Sun Dance Company” rəqs studiyası və Vyana Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə Vyanadakı müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, avstriyalı musiqiçilər, alimlər, Vyana şəhər musiqi liseyi və “Musiqi sevinc gətirir” məktəbinin şagirdləri, eləcə də Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Əhmədovun ailə üzvləri iştirak ediblər.

“Musiqi sevinc gətirir” adlı Vyana Musiqi Məktəbinin rəhbəri Fərəh Tahirova qonaqları salamlayaraq tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edib. İohann Ştrausun Vyana valsının və operettasının formalaşmasındakı rolundan danışıb. Təşkil edilən tədbirlərdə milli musiqimizin təbliğinin vacibliyini vurğulayıb. Qara Qarayev, Tofiq Quliyev, Pyotr Çaykovski kimi dahilərin balet və valslarından nümunələr gətirərək Şərq və Qərb bəstəkarlarının yaradıcılığında vals janrının yerinə, əhəmiyyətinə diqqət çəkib. Ştrausun yaradıcılığı haqqında maraqlı təqdimatlar göstərilib, məşhur operettalarından parçalar təqdim olunub.

Həmçinin 10 yaşlı azərbaycanlı pianoçu Emil Mürşüdov Azərbaycan Respublikasının Dövlət Himnini, Vyana Dövlət Operası xorunun solisti, gənc bəstəkar və pianoçu 14 yaşlı Norbert Ebner Xalq artisti Tofiq Əhmədovun “Çiçəklər sevinsin” mahnısını, 11 yaşlı Lara Önder isə Xalq artisti Tofiq Quliyevin “Görüş” filmindəki valsını səsləndirib. Norbert Ebnerin ifasını “Sun Dance Company” rəqs qrupu müşayiət edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər