VI Yay Düşərgəsində “Kommunikasiyanın şəxsi inkişaf və karyera irəliləyişində rolu” mövzusunda təlim keçirilib
7 avqust, 2025
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Kommunikasiyanın şəxsi inkişaf və karyera irəliləyişində rolu” mövzusunda təlim keçirilib.
Peşəkar təlimçi-ekspert Vəli Əlibəyov gənclərə düzgün kommunikasiya bacarıqlarının formalaşması, özünüifadə, ictimai çıxış, aktiv dinləmə və qarşılıqlı anlaşma kimi mövzularda geniş məlumat verib.
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, praktiki tapşırıqlar yerinə yetirilib. Gənclər düzgün kommunikasiya qurmağın təkcə şəxsi münasibətlərdə deyil, həm də iş mühitində, müsahibələrdə, komandada işləməkdə və liderlik qabiliyyətlərinin inkişafında nə qədər vacib olduğunu dərindən müşahidə ediblər. Təlimdə gənclərə aşılanan bacarıqlar onların yaşadıqları ölkələrdə diaspor fəaliyyətinin keyfiyyətinin artırılması və kommunikasiya bacarıqlarının inkişafı nəticəsində yerli ictimaiyyətlə daha sıx əlaqələr qurmaları üçün olduqca vacibdir. Bu təlimlər eyni zamanda soydaşlarımızın xaricdə peşəkar mütəxəssis kimi çalışmasına, Azərbaycanın təbliğinə və xalq diplomatiyasında rollarının artmasına gətirib çıxarır.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
