Türkiyədəki Azərbaycan diasporuna ağır itki üz verib
2 iyul, 2025
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam, dosent Rəhim Məmmədov Ankara şəhərində vəfat edib.
Rəhim Məmmədov 2 noyabr 1927-ci ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Daha sonra Stroqanov adına Moskva Dövlət Rəssamlıq Akademiyasında və Muxin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Bakıda Musiqili Komediya Teatrı üçün mozaika texnikası ilə çəkdiyi diplom işinə görə universitet tələbələrinin sərgisində xüsusi mükafata layiq görülüb. Təhsilini başa vurduqdan sonra Azərbaycan qayıdan Rəhim Məmmədov xalq rəssamı Mikayıl Abdullayevin tövsiyəsi ilə Azərbaycan İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) 30 ilə yaxın kafedra müdiri, dosent və dekan vəzifələrində çalışıb.
Onun əsərləri 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində İstanbuldakı "Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı"nda nümayiş olunub.
Rəhim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına və Türkiyədə “SAKÜDER” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyinin “2022-ci il sənət mükafatı”na layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Rəhim Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Digər xəbərlər