Soydaşımız Tbilisinin “Fəxri idmançısı” adına layiq görülüb
18 fevral, 2026
Tbilisidə bədii gimnastika ilə məşğul olan yeganə azərbaycanlı Evelina Quliyeva 2025-ci ildə şəhərin “Fəxri idmançısı” adına layiq görülüb. Tbilisi şəhər meri Kaxa Kaladze ona sertifikat təqdim edib.
Bununla yanaşı, Evelina Quliyeva ötən ilin dekabr ayında Kiprin Larnaka şəhərində keçirilən və 12 ölkədən yüzlərlə gimnastın qatıldığı beynəlxalq “Milad Kuboku” turnirində topla hərəkətdə I yerə çıxıb və “Miss Artistic” xüsusi mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, soydaşımız Tbilisi şəhərində dörd yaşından etibarən bədii gimnastika ilə məşğuldur. O, ilk məşqlərinə həvəskar qrupda başlasa da qısa müddətdə əzmkarlığı, intizamı və zəhmətkeşliyi ilə seçilərək “İsani-Samqori Kompleks İdman Mərkəzi”nin idman qrupuna qəbul olunub. Hazırda peşəkar məşqçi Salome Burdiladzenin rəhbərliyi altında bir çox turnirdə Gürcüstanı uğurla təmsil edir. Yerli federasiya yarışlarının və beynəlxalq turnirlərin çoxsaylı qalibi və mükafatçısıdır. İfa zərifliyi, səhnə mədəniyyəti və texniki dəqiqliyi Evelinanı hər zaman yarışların favoritinə çevirir.
Foto qalereya
Digər xəbərlər
