Qırğızıstan Prezidenti Azərbaycan diasporunun tanınmış nümayəndəsinə “Dostluq” ordenini təqdim edib
12 sentyabr, 2023Qırğızıstan Prezidenti Sadır Japarov dövlət mükafatlarının təqdim olunma mərasimində Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Qırğızıstanın əməkdar həkimi Akif Alaferdovun ünvanına xoş sözlər söyləyib.
Mükafatçıları ölkənin inkişafına əhəmiyyətli töhfə bəxş edən əsl qəhrəman, vətənpərvər və zəhmətkeş şəxsiyyətlər adlandıran dövlət başçısı soydaşımız barədə belə deyib: “Qardaşımız Akif Alaferdov təkcə tibb sahəsində fəaliyyət göstərmir, həm də “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri kimi iki ölkə arasında mədəni, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə böyük töhfə verir. O, beynəlmiləlçi kimi Qırğızıstanın etnik qruplarının mədəni ənənələrinə, dilinə və mənəvi dəyərlərinə tolerantlıq, hörmət nümunəsi göstərib və bu gün “Dostluk” ordeninə layiqdir”.
Qeyd edək ki, Akif Alaferdov peşəkar fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə Qırğızıstan Respublikasının Müstəqillik Gününün 32-ci ildönümü ərəfəsində “Dostluq” ordeni ilə təltif edilib.
“Azəri” İctimai Birliyinin fəxri prezidenti olan Akif Alaferdov Qırğızıstanda diaspor fəaliyyəti ilə də məşğul olur. 90 il ərzində azərbaycanlıların beş nəslinin vətəninə çevrilmiş Qırğızıstanda diasporumuzun üzvlərinə, 1930-cu illərdə Qırğızıstana sürgün edilən azərbaycanlıların nəslinə təzminat almaq üçün hüquqi dəstəyin verilməsində Akif Alaferdovun böyük rolu var.
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmiş Akif Alaferdov 2022-ci ilin dekabrında İstanbul şəhərində keçirilmiş Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşündə (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) də iştirak edib.
Foto qalereya
Digər xəbərlər