“Qələbəni xalqımıza həsr edirik”

12 fevral, 2026

“Qələbəni xalqımıza həsr edirik”

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu Berlində keçirilən peşəkar boks turnirində ölkəmizi təmsil edib. Turnir "Kuc Boxing Promotion" şirkətinin təşkilatçılığı ilə baş tutub.

"Odlar Yurdu"nun boksçusu Kənan Hüseynəliyev Gürcüstan təmsilçisi Caba Mamişişi ilə qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan idmançımız döyüşü dördüncü raundda nokautla başa vuraraq inamlı qələbə qazanıb. Bununla da o, peşəkar karyerasında keçirdiyi 12-ci görüşdən də qalib ayrılıb və yüzfaizli nəticəsini qoruyub saxlayıb. Boksçumuzun parlaq çıxışı tribunalarda böyük coşğu ilə qarşılanıb. Arenada Azərbaycan bayrağını dalğalandıran soydaşlarımız idmançımıza güclü mənəvi dəstək göstəriblər.

“Bu, peşəkar rinqdə 12-ci döyüşüm idi. Almaniyadakı məşqçim Azad Əzizovun rəhbərliyi ilə texniki və taktiki baxımdan yaxşı hazırlıq keçmişdik. Növbəti qarşılaşmam Avropa titulu uğrunda olacaq. Məni dəstəkləyən bütün həmyerlilərimizə təşəkkür edirəm”, - deyə qələbədən sonra fikirlərini bölüşən Kənan Hüseynəliyev bildirib.

“Odlar Yurdu” Boks İdman Klubunun rəhbəri Azad Əzizov yetirməsinin çıxışını yüksək qiymətləndirib. O bildirib ki, qazanılan qələbə ilə Kənan Hüseynəliyev doğma Azərbaycanı və klubu layiqincə təmsil edərək böyük qürur yaşadıb.

Almaniyada yaşayan soydaşımız, kikboksinq və tayboks üzrə dünya və Avropa çempionu Emin Süleymanov da qarşılaşmanı maraqla izlədiyini bildirib.

Qeyd edək ki, “Odlar Yurdu” Boks İdman Klubu 2013-cü ildən Almaniyada fəaliyyət göstərir. Klub Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməklə yanaşı, gənc nəslin sağlam həyat tərzi və milli-mənəvi dəyərlər əsasında formalaşmasına mühüm töhfələr verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər