Praqa Azərbaycan Evində “Üç faciə, bir ağrı” sənədli filmi nümayiş olunub
3 mart, 2026
Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi və “Natəvan” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Yaşar Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxdığını bildirib. O, beynəlxalq ictimaiyyətin bu kimi insanlıq əleyhinə cinayətlərə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb.
Anım mərasimində “CBC” Telekanalının hazırladığı, Xocalı, Srebrenitsa və Liditsa qurbanlarının xatirəsinə həsr olunan “Üç faciə, bir ağrı” sənədli filmi nümayiş etdirilib. Filmin ideya müəllifi Gülzar Mustafayeva, rejissoru isə Məzahir Həşimovdur.
Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova Xocalı və Qarabağ mövzularına, eləcə də Liditsa faciəsinə həsr olunan ədəbi əsərlərin müəllifi qismində filmin çəkilişlərində iştirak edib. Onun təklifi ilə çəkilişlərin bir hissəsi Çexiyada yerləşən Terezin həbs düşərgəsi ərazisində aparılıb. Çexiya ərazisində çəkilişlərin həyata keçirilməsi üçün zəruri icazələrin alınmasında səfirlik tərəfindən müvafiq dəstək göstərilib.
Məlumat üçün bildirək ki, Praqa Azərbaycan Evi 2024-cü ilin noyabr ayından fəaliyyət göstərir.
Foto qalereya
Digər xəbərlər
