Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib
23 noyabr, 2022ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” konsert zalında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Bridge of Friendship” (“Dostluq körpüsü”) adlı konsert keçirilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən konsert Azərbaycan musiqi və diaspor tarixində ilk dəfə olaraq “Carnegie Hall”un 2800 nəfərlik Ayzek Stern adına konsert salonunda baş tutub.
Tədbiri giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.
Konsertdə Nyu-York Beynəlxalq Virtuozlar Orkestrinin müşayiəti ilə Azərbaycan, türk və yəhudi bəstəkarlarının əsərləri tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova və skripka ifaçısı Aleksandr Markovun ifasında səsləndirilib.
Konserti tanınmış maestro, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının və Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov idarə edib.
Tamaşaçılar Fikrət Əmirovun “Azərbaycan kapsiççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert" (ABŞ premyerası), Cerri Brubeykerin oranjemanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) və Feliks Mendelsonun “E minorda skripka ilə orkestr üçün konsert” (op. 64) əsərlərini alqışlarla qarşılayıblar.
Konsertin təşkili və dinləyicilərin konsertdə iştirakına dəstək verən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə bundan öncə 2018-ci ildə Nyu-York şəhərində Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsertin, 2019-cu ildə Nyu-Yorkun Şin Konsert Mərkəzinin Loreto zalında Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunmuş konsertin, 2021-2022-ci illərdə isə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan I və II Beynəlxalq Bəstəkarlıq müsabiqələrinin də təşkilinə, o cümlədən müsabiqə çərçivəsində xüsusi “Şuşa mükafatı”nın təsis edilməsinə maliyyə dəstəyi göstərib.
Foto qalereya
Digər xəbərlər