Misir Prezidenti azərbaycanlı alimi ordenlə təltif edib

4 sentyabr, 2025

Misir Prezidenti azərbaycanlı alimi ordenlə təltif edib

Misir Prezidenti Əbdülfəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim, Misirdə Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirovu I dərəcəli “Elm və fənlər” ordeni ilə təltif edib.

Azərbaycanlı alimə ordeni Misir Prezidenti şəxsən özü təqdim edib. Bu orden, elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər mütəfəkkirlərə verilir.

Seymur Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. O, 23 ildir Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Hazırda dünyanın 65 müxtəlif ölkədən Misirdə təhsil alan 1700-dən çox tələbəyə rəhbərlik edir.

O, 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlardan ərsəyə gələn, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifidir. Seymur Nəsirov 1600-dən çox misirliyə Azərbaycan dilini tədris etmişdir. Onun yazdığı məqalələr və elmi-ictimai fəaliyyətləri ərəb ölkələri mediasında geniş şəkildə dərc olunur. 

Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı və 2024-cü ildə Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, 2020-ci ildə isə ölkəmizin diaspor siyasətinə verdiyi böyük töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.

 

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər