Kanada Azərbaycan Evində Xocalı faciəsinin qurbanları yad edilib
3 mart, 2026
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Evinin və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tarixin ən qanlı səhifələrindən olan Xocalı qətliamının unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Evin nəzdindəki “Mənim Azərbaycanım” adlı həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Sevinc Quliyeva soyqırımının baş vermə səbəblərindən, xalqımız üçün ağır nəticələrindən bəhs edib.
Kanadadakı Azərbaycan icmasının fəal üzvlərindən olan Yaqut Zərbəliyeva, Qardaşxan Əzizov, Anar İsmayılov Xocalı faciəsi barədə tarixi faktlara əsaslanan fikirlər səsləndiriblər. Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəklərini bildiriblər. Azərbaycan Evinin könüllüsü və diaspor fəalı Xədicə Zərbəliyeva isə xaricdəki gənc soydaşlarımızı Xocalı ilə bağlı təbliğat kampaniyaları aparmağa çağırıb.
Tədbirdə Xocalı soyqırımına həsr olunan filmin nümayişi kövrək duyğular yaşadıb.
Foto qalereya
Digər xəbərlər
