İsveç ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı həqiqətlər çatdırılıb
3 mart, 2026
İsveçin Yöteborq şəhərində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunan maarifləndirici sərgi keçirilib. Sərginin təşkilində məqsəd Xocalı soyqırımı ilə bağlı həqiqətləri İsveçdə təbliğ etmək, beynəlxalq ictimaiyyətin diqqətini bu ağır faciəyə yönəltmək və “Unutmadıq, unutdurmayacağıq” mesajını geniş auditoriyaya çatdırmaq olub.
Şəhər kitabxanasında keçirilən sərgi Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının təşəbbüsü, ADG-nin İsveç üzrə gənclər koordinatoru Məsumə Rüstəmlinin təşkilatçılığı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru Ülviyyə Nəcəfovanın dəstəyi ilə baş tutub.
Ülviyyə Nəcəfova çıxışında qeyd edib ki, Xocalı soyqırımından 34 il keçməsinə baxmayaraq, bu faciənin ağrısı və ədalət tələbi Azərbaycan xalqının yaddaşında daim yaşayır. “Beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması və ədalətin bərqərar olunması istiqamətində ardıcıl fəaliyyət göstərmək hər bir soydaşımızın mənəvi borcudur,” – deyə o vurğulayıb.
Sərgidə 1992-ci il fevralın 26-da Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə ziyarətçilərə ətraflı və sistemli məlumat verilib, faciənin tarixi konteksti, başvermə şəraiti və ağır nəticələrindən danışılıb. Həmçinin soyqırımı barədə tarixi faktlar, fotomateriallar və müxtəlif məlumat resursları nümayiş etdirilərək Xocalı hadisələrinin miqyası və mahiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, 2017-ci ildən etibarən Yöteborq şəhərində hər il Xocalı soyqırımı ilə bağlı anım tədbirləri təşkil olunur.
Foto qalereya
Digər xəbərlər
