Estoniya Azərbaycan Evində innovativ platforma təqdim edilib
18 fevral, 2026
Estoniyanın paytaxtı Tallində fəaliyyət göstərən Azərbaycan Evində sosial əhəmiyyətli növbəti tədbir baş tutub. Belə ki, Azərbaycan Evində ailə dəyərlərini, sosial həmrəyliyi və ekoloji məsuliyyəti təşviq edən “UkkU” innovativ platformasının təqdimatı keçirilib. Təqdimatda davamlı istehlak, paylaşım mədəniyyəti və resurslardan səmərəli istifadə kimi aktual mövzular ön plana çıxarılıb.
Platformanın əsas məqsədi ailələr üçün daha rahat, əlçatan və dayanıqlı sosial mühit formalaşdırılmasına, eyni zamanda tullantıların azaldılmasına və ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.
Təqdimat zamanı iştirakçılar platformanın funksionallığı, qeydiyyat prosesi, istifadə qaydaları və üstünlükləri barədə məlumatlandırılıb. Platformanın mobil tətbiqinin Android və iOS əməliyyat sistemli telefonlara yüklənərək istənilən vaxt rahat istifadəsinin mümkünlüyü diqqətə çatdırılıb.
Məlumat üçün bildirək ki, Estoniya Azərbaycan Evi 2020-ci ildən fəaliyyət göstərir. Hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi var. Bu evlər xaricdə yaşayan soydaşlarımız üçün milli-mədəni dəyərlərin qorunub saxlanıldığı, Azərbaycan dilinin, mədəniyyətinin və adət-ənənələrinin yaşadıldığı, həmçinin sosial, maarifləndirici və ictimai əhəmiyyətli təşəbbüslərin gerçəkləşdirildiyi məkandır.
Foto qalereya
Digər xəbərlər
