Eskişehirdə “Şeir və ağılarda Xocalı” adlı anım tədbiri
2 mart, 2026
Eskişehir Azərbaycanlılar Dərnəyinin və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə “Şeir və ağılarda Xocalı” adlı anım mərasimi keçirilib.
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə təşkil olunan tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və Xocalı şəhidləri, eləcə də Türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin daim uca tutulması və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi dövlətin diaspor siyasətinin əsas istiqamətlərindən biridir. Görülən işlərə toxunan sədrinin birinci müavini qeyd edib ki, komitə xaricdə yaşayan Azərbaycan icmaları ilə birgə müxtəlif anım tədbirləri, elmi-praktik konfranslar, sərgilər, video və multimedia layihələri həyata keçirir, həmçinin gənclərin maarifləndirilməsi üçün təlimlər təşkil edir.
Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu Xocalı faciəsinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq acısı olduğunu bildirib. O vurğulayıb ki, təşkil olunan bütün tədbirlər Xocalı faciəsinin unudulmamasını təmin etməklə yanaşı, dünya ictimaiyyətində ədalət və tarixi həqiqətlərin tanıdılmasına xidmət edir.
Çıxışlardan sonra Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımına həsr olunan şeirlər səsləndiriblər.
Bağlanış nitqi ilə çıxış edən dərnəyin sədri Cavid Aydın Xocalıda baş verən faciənin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini xüsusi vurğulayıb və şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini diqqətə çatdırıb.
Foto qalereya
Digər xəbərlər
